Azərbaycan mobil internetin sürətinə görə 3 pillə irəliləyib
Bu ilin iyul ayında Azərbaycan sabit genişzolaqlı internetin median sürətinə görə 182 ölkə arasında 29,14 MB/S sürətlə 117-ci yerdə qərarlaşıb.
Tuıranews.kz Trend-e istinadən xəbər verir ki, bu, iyun ayı ilə müqayisədə 1 pillə geriləmədir.
Sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri Sinqapur (247,44 MB/S), sonuncu yeri isə Kuba (1,86 MB/S) tutub.
Məlumata görə, ölkəmiz iyulda mobil internetin sürətinə görə isə 143 ölkə arasında 41,77 MB/S sürətlə 56-cı yerdə qərarlaşıb. Bu isə iyuna nisbətən 3 pillə irəliləmə deməkdir.
Mobil internetin sürətinə görə, birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (205,77 MB/S), sonuncu – 143-cü yeri isə Kuba (3,87 MB/S) tutub.
Bundan başqa, iyulda Bakı şəhəri mobil internetin sürətinə görə 5 pillə irəliləyərək 44,94 MB/S sürətlə 171 şəhər arasında 73-cü yerə sahiblik edib.
Şəhərlər arasında mobil internetin sürətinə görə, birinci yeri 244,95 MB/S sürətlə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhəri, sonuncu yeri isə 3,70 MB/S sürətlə Kubanın Havana şəhəri tutub.
Azərbaycan paytaxtı sabit genişzolaqlı internetin sürətinə görə isə 29,50 MB/S sürətlə 138-ci pillədə qərarlaşıb ki, bu da 2 pillə geriləməkdir.
Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində isə 195 şəhər rəqabət aparıb. Siyahıya BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhəri 271,66 MB/S sürətlə liderlik edib. Kubanın paytaxtı Havana şəhəri isə 1,81 MB/S sürətlə sonuncu olub.