Azərbaycanda istehsal edilən balın həcmi açıqlanıb
2022-ci ildə 32933 təsərrüfatda mövcud olan 656,1 min arı ailəsindən 7445,9 ton bal, 174,1 ton mum, 19,1 ton vərəmum, 23,4 ton güləm və 379,1 kq arı südü əldə olunub.
Turanews.kz Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, balın 1 kiloqramının orta satış qiyməti 26,7 manat, mumun – 14,7 manat, vərəmumun – 91 manat, güləmin – 131,7 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 5,6 manat olub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının subsidiyalaşdırılması qaydası”na əsasən arıçılıqla məşğul olan fermerlərə saxladıqları hər arı ailəsinə görə 10 manat məbləğində subsidiya müəyyən edilmişdir ki, bu da arıçılığın inkişafını stimullaşdırılıb, kənd yerlərində kiçik sahibkarlığın dəstəklənməsi və məşğulluğun təmin edilməsinə şərait yaratmış, bu sahədəki potensialdan istifadə imkanlarını genişləndirilib. Belə ki, 2018-ci illə müqayisədə 2022-ci ildə arı ailələrinin sayı 1,3 dəfə, bal istehsalı isə 1,5 dəfə artıb. Ümumiyyətlə, “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi dövrdən sonrakı 14 ildə bal istehsalı 5,3 dəfə, arı ailələrinin sayı 4,6 dəfə artıb, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 19,9-dək yüksəlib.