Dünya

Türkiyənin ilk yerli elektrik avtomobili “Togg” Türkmənistana göndəriləcək

Türkiyənin ilk yerli elektrik avtomobili “Togg”un ağ rəngi Türkmənistana göndəriləcək.

Turanews.kz Trend-e istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, bazar günü Antalyada Togg Sərgi salonunu ziyarət edərkən jurnalistlərə açıqlaması zamanı deyib.

Çavuşoğlu, Türkiyə istehsalı olan “Togg” avtomobilinə başda türk dövlətləri olmaqla dünyanın hər yerindən böyük marağın olduğunu açıqlayıb.

“Türkmənistanın xarici işlər naziri Reşit qardaşımla telefonda danışdıq. Türkmənistan bizdən ağ rəngli Togg istədiyini ifadə etdi, biz də oraya ağ avtomobil göndərəcəyik. Ağ maşınlar bir aya istehsal olunacaq, bir aya göndərəcəyik”,- deyə Çavuşoğlu bildirib.

Qeyd edək ki, ötən il oktyabrın 29-da Türkiyənin Bursa şəhərində inşa edilən “Togg” fabrikinin açılış mərasimi keçirilib. Tədbirdə iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Togg elektromobilini sınaqdan keçirib. Ərdoğan ildə 175 min avtomobil istehsal ediləcəyini və 2030-cu ildə istehsalın 1 milyonu keçəcəyini bildirib. Avtomobil 200 və 400 at gücünə malik elektrik mühərriki ilə iki versiyada mövcuddur. 320 kVt güc istehsal edən versiya 0-dan 100 km/saata 4,8 saniyəyə sürətlənə biləcək. Avtomobilin güclü versiyası təxminən 500 kilometr məsafə qət edir.

Xatırladaq ki, ilk yerli elektrik avtomobili “Togg” aprelin 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğana təqdim olunub.

TuraNews

Back to top button