Türk dövlətləri Türkiyədəki zəlzələ bölgəsində axtarış-xilasetmə işlərini davam etdirir
Türk dövlətləri Türkiyədəki zəlzələ bölgəsində axtarış-xilasetmə işlərini davam etdirirlər.
APA xəbər verir ki, zəlzələlərin baş verdiyi gündən etibarən, türk dövlətləri Türkiyəyə humanitar yardım göndərməklə yanaşı, həm də axtarış-xilasetmə qruplarını ölkəyə səfərbər ediblər.
Azərbaycan qardaş ölkəyə ən çox axtarış-xilasetmə heyəti göndərən ölkədir. Hazırda zəlzələ bölgəsində 899 nəfərlik heyət çalışır. Həmçinin ölkənin dörd bir yanından Türkiyəyə humanitar yardımlar göndərilir.
Özbəkistan 100 nəfərdən ibarət axtarış-xilasetmə qrupu, xüsusi maşın və avadanlıqlar, həmçinin humanitar yardım materialları daşıyan 2 təyyarə ilə zəlzələ bölgəsindəki fəsadların aradan qaldırılması işinə dəstəyini verib. Axtarış-xilasetmə heyəti bu günə qədər 16 nəfəri dağıntılar altından xilas edib.
Zəlzələnin ilk günlərindən Qazaxıstan da Türkiyəyə dəstəyini nümayiş etdirib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyədə zəlzələdən sonra dəyən ziyanın aradan qaldırılması üçün 1 milyon dollar dəyərində təcili yardımın ayrılması barədə göstəriş verib.
Qazaxıstan zəlzələ bölgəsinə 41 və 56 nəfərdən ibarət iki axtarış-xilasetmə qrupu göndərib.
Qırğızıstan hökuməti də Türkiyədə baş verən zəlzələlərə görə ilk gündən yardım kampaniyasına başlayıb, Qırğızıstan Rəyasət Heyətinin rəsmiləri və əməkdaşları bir günlük qazanclarını Türkiyədə zəlzələdən zərər çəkənlərə təşkil edilən yardım kampaniyasına bağışlayıblar.
Hökumətin göstərişi ilə axtarış-xilasetmə işçiləri, səhiyyə işçiləri və psixoloqlardan ibarət 63 nəfərlik qrup Türkiyəyə yollanıb. Həmçinin ölkə üzrə zəlzələdən zərər çəkənlərə yardım kampaniyası da başlayıb.
Türkmənistan 10 nəfərlik həkim və tibbi ləvazimatlardan ibarət axtarış-xilasetmə qrupu və zəlzələlərdən zərər çəkmiş bölgələrə humanitar yardım aparan təyyarəni Türkiyəyə göndərib.
Macarıstan hökuməti və xalqı da zəlzələdən dərhal sonra axtarış-xilasetmə qrupları və humanitar yardımla Türkiyəyə dəstəyini nümayiş etdirib. Bu günə qədər ümumilikdə 156 macar mütəxəssis və 28 axtarış iti zəlzələ bölgəsində axtarış-xilasetmə işlərində iştirak edib.
Şimali Kipr Türk Respublikası zəlzələnin ilk günündən 30 nəfərlik axtarış-xilasetmə qrupunu 8 maşınla birgə Türkiyəyə göndərib. Hazırda bölgədə 100 nəfərlik heyət fəaliyyətdədir.
Eyni zamanda, faciə ilə əlaqədar olaraq, Şimali Kiprdə də 7 günlük milli matəm elan olunub.