Tbilisidə məşhur “Ambassador” otelini yandıran şəxs saxlanılıb
Tbilisidəki məşhur “Ambassador” mehmanxanasında baş verən yanğınla bağlı bir nəfər saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Yanğının mehmanxanada qonaq olan 1995-ci il təvəllüdlü A.L. tərəfindən törədildiyi müəyyən edilib. İstintaqla müəyyən olunub ki, həmin şəxs tərəfindən oteldə başladılan yanğın daha sonra otelin üçüncü və dördüncü mərtəbələrinə yayılıb. Yanğının qarşısı alınıb.
Təqsirləndirilən şəxs “isti izlər”lə həbs edilib.
Faktla bağlı istintaq aparılır.
Qeyd olunub ki, saxlanılan şəxs kazinoda külli miqdarda pul uduzub. Bundan sonra xeyli spirtli içki qəbul edən həmin şəxs otelin eyvanına çıxaraq anlaqsız hərəkətlər edib və diqqəti cəlb etməyə çalışıb. Bundan sonra isə oteldə yanğın törədib.
Onu 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.