Mədəniyyət

Tbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin Birinci Qarabağ Forumu keçirilib

Fevralın 10-da Tbilisidə “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan-Gürcüstan Gənclərinin birinci Qarabağ Forumu keçirilib.

Azərbaycan Slavyan Gənclər Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə keçirilən tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, azərbaycanlı və gürcü gənclər iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin və Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Slavyan Gənclər Assosiasiyası İctimai Birliyinin sədri Səbuhi Abbasov çıxış edərək bildirib ki, Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsindəki Qələbəsindən sonra regionda yeni siyasi reallıqlar yaranıb. Azərbaycanlı gənclər bu reallıqlardan çıxış edərək gürcü həmyaşıdlıları ilə birlikdə regionda davamlı sülhün bərqərar olunması və dayanıqlı inkişafa nail olmaq üçün birgə fəaliyyət göstərməyi qərara alıblar. Tədbirin əsas məqsədi də gürcü gənclərlə birlikdə regionda davamlı sülh uğrunda mübarizənin əsasını qoymaqdır.

Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov çıxışında deyib ki, tədbirin Ulu Öndərin 100 illik yubileyi ərəfəsində Tbilisidə təşkili də mühüm əhəmiyyət kəsb edir. Ümummilli Liderə Gürcüstanda da böyük sevgi var və onun irsi qonşu ölkədə də öyrənilir.

E.Bayramov son günlər regionda və dünyada baş verən hadisələrdən danışıb. Bildirib ki, bu gün Azərbaycan bir sıra məsələlərdə regionda əsas rol oynayan dövlətə çevrilib. Bu gün Azərbaycanın təşəbbüsü və Türkiyə ilə Gürcüstanın birgə iştirakı ilə reallaşan irimiqyaslı layihələr dünyanın diqqət mərkəzindədir. Bu üç dövlət qərblə şərq arasında əsas körpü rolunu oynayırlar. Lakin bizim möhkəmlənməyimizi, birliyimizi istəməyən qüvvələr də var. Onlar bütün vasitələrdən istifadə edərək Azərbaycana və digər ölkələrə maneə olmaq istəyirlər.

Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumu və erməni separatçılarının digər qanunsuz əməlləri buna sübutdur.

Diplomat regionda davamlı sülhə nail olmaq üçün azərbaycanlı gənclərin təşəbbüsü ilə belə bir forumun təşkil olunmasını və gürcü gənclərin də bu tədbirdə iştirakını yüksək qiymətləndirib.

“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdili çıxışında regiondakı reallıqlardan danışıb. Bildirib ki, Azərbaycan və Gürcüstan arasında əsrlər boyu mövcud olan dostluq münasibətləri bu gün də uğurla davam edir. Bu cür tədbirlər bu dostluğu daha da möhkəmləndirir.

“Azərbaycanlı və gürcü gənclərin sülh çağırışına digər ölkələrin də gənclərinin qoşulacağına inanırıq”, – deyə T.Allahverdili vurğulayıb.

Sonra digər çıxış edənlər tədbirin əhəmiyyətindən danışıb, gənclərin təşəbbüsü ilə sülh platformasının daha da genişlənməsinin vacibliyini vurğulayıblar.

Source
Azertag.az

TuraNews

Back to top button