Qanlı Yanvar faciəsini yaddaşlarda yaşadan əsərlər
Bu il Qanlı Yanvar faciəsinin 33-cü ildönümü tamam olur. Hər il xalqımız bu günü həm böyük qürur, həm də ürəkağrısı ilə qeyd edir. Ötən bir qərinədə 20 Yanvar gecəsinin ruhunu yaşadan bir çox sənət əsərləri yaradılıb. Qanlı Yanvar gecəsinin müdhiş əhvalını əks etdirən filmlərimiz, rəsm, musiqi, bədii əsərlərimiz, heykəltaraşlıq nümunələrimiz bizi həmin gecənin real mənzərələri ilə yenidən görüşdürür. Bu sənət əsərləri əsl tarixdir, xalqın, millətin azadlıq uğrunda mübarizə salnaməsidir.
AZƏRTAC Qanlı Yanvar faciəsinin ədəbiyyat və incəsənət əsərlərində əks olunan bəzi nümunələrindən söhbət açır.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizlik Komitəsinin və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib.
Şəhidlərin ölməzliyi bədii ədəbiyyatda
20 Yanvar faciəsi Azərbaycan ədəbiyyatında istər nəsrdə, istərsə də poeziyada zaman keçdikcə daha dolğun görünür. O müdhiş şənbə gecəsində dinc əhalini, günahsız insanları qanına qəltan edənlər, eləcə də bu qırğına “fərman” verənlər nifrətlə xatırlanır.
O müdhiş şənbə gecəsinin reallıqları görkəmli yazıçı və şairlərimizin – Anarın, Elçinin, Çingiz Abdullayevin, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Qabilin, Nəbi Xəzrinin, Cabir Novruzun, Xəlil Rza Ulutürkün, Zəlimxan Yaqubun, Sabir Rüstəmxanlının, Fikrət Qocanın, Mədinə Gülgünün, Məmməd Aslanın, Tofiq Mütəllibovun, Şahmar Əkbərzadənin, Nüsrət Kəsəmənlinin və digər vətənpərvər söz və qələm sahiblərinin elegiyalarında, etiraz ruhlu şeirlərində və publisistik əsərlərində öz əksini tapıb. Bu faciə baş verdikdən sonra şairlərimiz, yazıçılarımız qələmə sarılaraq xalqımızın fəryadını dünyaya çatdırıblar. Xalq şairi Qabilin “Mərsiyə”si, Məmməd Aslanın “Ağla, qərənfil, ağla” şeiri, Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması, Nəriman Həsənzadənin “Şəhidlər xiyabanı” adlı şeiri, Rafiq Səməndərin “Şəhidlər” kitabı işıq üzü görüb. Ədiblərimiz 20 Yanvar faciəsini əsərlərində olduqca dolğun və böyük bədii dillə təsvir ediblər. Xalqımızın başına gətirilən bu müsibətin gələcək nəsillər tərəfindən unudulmamasında, yaddan çıxarılmamasında bu əsərlərin böyük rolu var.
Ötən illərdə işıq üzü görən bir çox bədii və araşdırma yazılarda da 20 Yanvar faciəsinin mahiyyətindən bəhs olunub. Azərbaycan Milli Kitabxanasına son illərdə Azərbaycan və rus dillərində qanlı Yanvar hadisələri ilə bağlı onlarca nəşr təqdim edilib. Yazıçı Vahid Məhərrəmovun “Qanlı gecə, qanlı tarix: 20 Yanvar faciəsi haqqında”, Niftalı Şıxların “Dünyamızın 20 Yanvar faciəsi”, Məzahir Süleymanzadənin “20 Yanvar: güllələnmiş qəzet”, Mədinə Qasımovanın “Ağla, qərənfil, ağla” və “İ mertvıe pobejdayut” (“Ölülər də qalib gəlir”), Şəmkir Təhməzlinin “1990-cı il Qanlı Yanvar izləri” və faciədən bəhs edən digər əsərlər kitabxananın fondunda yer alıb. Filologiya elmləri doktoru, professor Almaz Ülvi Binnətova 20 Yanvar hadisələri zamanı şəhid olan gənc şair Ülvi Bünyadzadənin ədəbi irsinə “Ön söz” və şərhlər yazaraq nəşr etdirib. Yazıçı-dramaturq Tamara Vəliyevanın 20 Yanvar hadisələrindən bəhs edən “Mənim ağ göyərçinim” tamaşası 1999-cu ildən müxtəlif teatrlarda səhnələşdirilib. Qanlı Yanvar gecəsindən bəhs edən bu əsərlərin ideya qayəsinin kökündə o dayanır ki, 20 Yanvar hadisələrinin təfərrüatlarını hər bir azərbaycanlı mütləq bilməli və unutmamalıdır.
Bu bədii əsərlərdə şəhidlərin ölməzliyini və müqəddəsliyini vəsf edən obrazlar yaradılıb. 20 Yanvar faciəsinin qan izləri, qurumayan göz yaşları ədəbiyyatımızda daim öz aktuallığını qoruyub və qoruyacaqdır. Çünki bu, günahsız, əliyalın insanlara qarşı törədilmiş faciədir.
20 Yanvar hadisələri sənədli ekran əsərlərində
Tariximizin 20 Yanvar səhifəsi Azərbaycan kino xadimlərinin daha çox müraciət etdiyi mövzulardandır. Elə hadisələrin baş verdiyi həmin gecə operatorlarımız bu qətliamın ən ağrılı anlarını ekranın yaddaşına köçürmüşlər. Müxtəlif illərdə lentə alınan “Azadlığa gedən yollar”, “Qəsd”, “Matəm”, “Şəhidlərdən şəhidlərə”, “Bakıda insan ovu”, “Şəhidlər və qazilər”, “Şəhidlik zirvəsi”, “Cənubda Şimal küləyi” və digər sənədli film nümunələri 20 Yanvar faciəsinin ağrılarını yaşadan sənədli kino əsərləridir. “Salnamə” sənədli filmlər studiyasında çəkilən bu ekran əsərlərində o dövrün real mənzərəsini görmək və dəyərləndirmək mümkündür. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən “Salnamə” sənədli filmlər studiyasında ümumilikdə Azərbaycan tarixinin qanlı səhifələrinə həsr edilmiş kifayət qədər ekran əsəri istehsal olunub.
Yeri gəlmişkən deməliyik ki, “Azadlığa gedən yollar” sənədli filmində 20 Yanvar faciəsi süjet xəttinin əsasını təşkil edir. Bu sıraya “Xatirələrdə yaşanan ömür”, “Vətən qeyrəti”, “Mən evə qayıdıram” filmlərini də əlavə etmək olar. Hərbi vətənpərvərlik mövzusunda çəkilmiş “Mən evə qayıdıram” bədii filmi ötən əsrin 90-cı illərinin real hadisələrini əks etdirir. Film Azərbaycanın hərbi təyyarəçilərinin qəhrəmanlıq hekayətindən bəhs edir.
Rejissor Vahid Mustafayevin “Qanlı Yanvar” bədii filmi də faciənin real hadisələri əsasında lentə alınmışdır. Filmdə Azərbaycan, ABŞ, İran, Rusiya və Türkiyənin tanınmış aktyorları çəkilmişlər. Film dünyanın bir çox ölkələrinin ekranlarında göstərilib.
Qeyd edək ki, son illər “Salnamə” studiyada vətənpərvərlik mövzusunda yeni filmlər ərsəyə gətirilib. Bu filmlərdə 1988-ci ildən bəri ölkəmizə qarşı həyata keçirilən düşmənçilik siyasəti, xalqımızın başına gətirilən faciələr fərqli rejissor yozumlarında xronoloji ardıcıllıqla kinolentin yaddaşına köçürülüb.
Bir məqamı da xüsusi vurğulamalıyıq ki, 20 Yanvar faciəsinə həsr olunmuş sərgi və anım mərasimləri də hər il “Salnamə” studiyası tərəfindən lentə alınır. Bütün bunlar gələcək nəsillərə ötürüləcək tarixi sənədlərin əsasını təşkil edir.
Azərbaycan musiqisinin Qanlı Yanvar səhifəsi
20 Yanvar faciəsi daha çox musiqidə ifadə olundu. Bəstəkarlarımız 20 Yanvar faciəsinə həsr olunmuş 100-dən çox əsər yaradıblar. Hələ 1990-cı ildə görkəmli bəstəkar Cövdət Hacıyev “Şəhidlər” simfoniyasını bəstələdi. “Şəhidlər” adlı başqa bir simfoniyanın müəllifi isə bəstəkar Oqtay Kazımi oldu. Bəstəkar Hacı Xanməmmədov 1990-cı ildə Əzizə Cəfərzadənin sözlərinə solist və xalq çalğı alətləri orkestri üçün bəstələdiyi “Əlimdə sazım ağlar” əsərini 20 Yanvar şəhidlərinə ithaf etdi. Azər Rzayevin “Bakı-90” simfoniyası, Tofiq Bakıxanovun “Humayun” simfonik muğamı, Ramiz Mustafayevin “Bu qan yerdə qalan deyil”, “Haqq səninlədir”, “Azərbaycan” vokal-simfonik poemaları, Mobil Babayevin “Ağlama, torpağım, ağlama” kantatası, Aydın Əzim Kərimoğlunun orkestr üçün “Qətl günü”, Sərdar Fərəcovun “Matəm harayları” simfonik lövhəsi, Məmməd Quliyevin xor və orkestr üçün, Faiq Sücəddinovun fortepiano üçün, Sevda İbrahimovanın bariton səs və orkestr üçün vokal simfonik “Vətən şəhidlərinə”, Cavanşir Quliyevin xor üçün “Şəhidlər”, Arif Mirzəyevin orqan üçün “Yanvar mərsiyələri”, Aqşin Əlizadənin “Ana torpaq” odası, Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi”, “Qəm karvanı” oratoriyaları və başqa qəhrəmanlıq, mübarizlik ruhunda yazılmış əsərlərdə xalqımızın başına gətirilən müsibətlər, şəhidlərimizin ruhuna ehtiram ifadə olundu.
Həmçinin bəstəkar İlham Quliyev “İlham və Fərizə” operasını bəstələdi. Azər Dadaşov “20 Yanvar” xor, solist və simfonik orkestr üçün 9 saylı simfoniya, Faiq Nağıyev rejissor Xamis Muradovun real faktlara əsasən lentə aldığı “Şəhidlərdən-şəhidlərə” sənədli filminə musiqi yazdı. Xalqımızın qanlı hadisələrdə yaşadığı kədəri, hüznü bəstəkarlar Fuad Cavadov “Qara Yanvar”, Azad Zahid “Mədhiyyə” əsərlərində əks etdirdilər. 20 Yanvar faciəsi və şəhidlərə həsr olunan musiqi əsərləri arasında Arif Mirzəyevin “Yanvar passionları” matəm messası, Nazim Quliyevin “Şəhidlər” operası, Oqtay Rəcəbovun “Çingiz” oratoriyası, Zabitə Məmmədovanın solist, xor və orkestr üçün “Elegiya”sı da diqqəti cəlb edir.
Qanlı Yanvar faciəsinə irihəcmli musiqi əsərləri ilə yanaşı, mahnı və romanslar da həsr olundu. Emin Sabitoğlu Bəxtiyar Vahabzadənin sözlərinə “Şəhidlər ağısı” mahnısını yazdı.
Vasif Adıgözəlov 1991-ci ildə Fikrət Qocanın “Bir şərqi de” şeirinə musiqi bəstələdi. Oqtay Rəcəbov Məmməd İsmayılın sözlərinə “Qana dönən qərənfillər”, Mehriban Əhmədova Məmməd Arazın sözlərinə “Ana millət, ata millət, ağlama”, Nəriman Əzimov Hikmət Mahmudun sözlərinə “Mənim şəhid bacım, şəhid qardaşım” mahnılarını yazdılar. İlham Abdullayevin Dönməzin sözlərinə yazdığı “20 Yanvar”, Ruhəngiz Qasımovanın “Şəhid oğullara” mahnıları da xalqımızın Qara Yanvar dərdinə haray çəkdi.
Bəstəkarların müraciət etdikləri janr və üslublar müxtəlif olsa da, bu əsərlərin mövzusu və mahiyyəti birdir. Eyni olan həm də həmin əsərlərdə ifadə olunan duyğu və düşüncələrdir. Bəstəkarlarımız 20 Yanvar hadisələrinə münasibəti, hüzn və qüruru musiqinin dili ilə çatdırdılar. Həmçinin onlar əsərlərində şanlı tariximizdən dərs almağı, vətəni sevməyi təbliğ etdilər.
Yalnız ümumxalq kədəri deyil, həm də haqq yolundan dönməzlik, mübarizlik, yenilməzlik əks edilən bu əsərlər musiqi kollektivlərinin, orkestrlərin ifasında xarici ölkələrin müxtəlif konsert salonlarında da səsləndirilir, 20 Yanvarda Azərbaycan xalqının başına gətirilən müsibətlər dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırılır. Bu əsərlər həm də bir xalqın ölməz ruhunun ifadəsi oldu.
20 Yanvar faciəsi rənglərin işığında
Azərbaycan təsviri sənət ustaları 1990-cı ilin 20 Yanvarında yaşanan faciəyə biganə qalmamış və ötən illər ərzində bu mövzuda yaddaqalan təsviri və tətbiqi sənət əsərləri yaradıblar. Bu mövzuda yaradılan rəsm əsərlərində təkcə faciə deyil, həm də xalqın qəhrəmanlıq ruhunun nümayişi əsas motivləri təşkil edir.
Xalq rəssamı Mikayıl Abdullayevin rənglərin harmoniyasından yoğurulan “Nakamların dəfni” əsərinə tamaşa etdikcə, həqiqətən, öz xalqının qəhrəmanlığından qürur duyursan. Xalq rəssamı Kamil Nəcəfzadənin “20 Yanvar” rəngkarlıq tablosunu isə bu mövzuda çəkilmiş ən tutumlu əsər saymaq olar. Əməkdar incəsənət xadimi Əyyub Hüseynovun “Bakıda 20 Yanvar faciəsi” tablosu isə xalqımızın tuş gəldiyi bəlaların təsviri sənətdə əksi baxımından duyulası əhəmiyyət kəsb edir. Tanınmış fırça ustası Sara Manafovanın çəkdiyi “Qara güllər” əsərində isə faciəyə rəmzi-düşündürücü münasibətin ifadəsini görmək mümkündür. Əməkdar incəsənət xadimi Eyyub Məmmədov isə şahidi olduğu qanlı olaylara bədii münasibətini “Qanlı şənbə günü”, “Komendant saatı” və “Hədəf” tablolarından ibarət “Yanvar hadisələri” adlı triptixində ifadə etmişdir.
İstedadlı rəngkarlar Eyzam Şıxəliyev “Faciə”, İlham Ənvəroğlu “Xeyir və Şər” əsərində Yanvar gecəsinin ağrılarını yaddaqalan bədii boyalarla təsvir ediblər. Tünzalə Məmmədzadənin ipək üzərində çəkdiyi “Fəryad” əsərində bir neçə butanın ifadəli forması ilə faciənin yaşantıları şərti-rəmzi həllini tapıb.
Arif Həsənov və Etibar Aslanovun kompüter qrafikası nümunələrində də 20 Yanvar faciəsinə rənglərin və cizgilərin vəhdətindən yaranan münasibət yaddaqalandır.
Tətbiqi sənət ustalarından Fəxrəddin Əliyevin iriölçülü “20 yanvar” xalçası, Adil Şıxəliyevin “Qara Yanvar” qobeleni, Rauf Əbdülhüseynoğlunun “Faciə gecəsi” haqqında söz açdığımız mövzunun dekorativ-şərti ifadəsi baxımından diqqət çəkir.
Heykəltaraşlıq sahəsində ilk nümunə elə faciənin baş verdiyi ildə Gəncə şəhərində yaradılıb. Onun müəllifi tanınmış tişə ustası Səid Rüstəmdir. Üçhissəli heykəltaraşlıq-memarlıq kompleksində süjetli relyef və yazıların sintezi ilə baş vermiş Qanlı hadisənin ittihamedici obrazlı-şərti həlli tapılmışdır.
Faciədə həlak olanların xatirəsinə ucaldılmış ümumiləşdirilmiş abidə isə paytaxtın “20 Yanvar” meydanında yerləşir. Bu əsərdə şənbə gecəsi törədilən qanlı cinayətə qarşı dinc əhalinin etirazı yaddaqalan plastik tutumda ifadə olunub. Çoxfiqurlu tunc kompozisiyanın müəllifləri Azad Əliyev və Cavanşir Dadaşovdur.
Əməkdar rəssam Arif Qazıyevin “Fəryad” və “Şəhid anası”, Xalq Rəssamı Fuad Salayevin “Qıl körpüsü”, Məmməd Rəşidovun “Daşın göz yaşları” və s. heykəltaraşlıq nümunələrində də faciəyə tutulan plastik güzgü cəlbedici və yaddaqalandır.
Yeri gəlmişkən qeyd edək ki, hazırda ölkəmizdə elə bir muzey, elə bir kitabxana yoxdur ki, orada xalqımızın qanlı yaddaşına çevrilmiş 20 Yanvar faciəsi ilə bağlı əsərlər toplanmasın. Bu faciənın bədii təcəssümünə çevrilmiş belə əsərlərlə təkcə anım günlərində deyil, hər zaman tanış olmaq mümkündür.
Bütün bunlar bir daha onu göstərir ki, bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız 20 Yanvar faciəsi qurbanlarının o qanlı gecədə nümayiş etdirdiyi birliyi heç vaxt unutmayacaq. Vətən yolunda, el yolunda şəhid olanlar heç vaxt unudulmurlar və onların xatirəsi nəsillər dəyişsə də, ürəklərdə əbədi yaşayacaqdır.