Özbəkistanda Daşkənd Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
2-ci Daşkənd Beynəlxalq İnvestisiya Forumu (TIIF-2023) öz işinə başlayıb.
Turanews.kz Trend-e istinadən xəbər verir ki,, forumun açılışında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev salamlama nitqi ilə çıxış edib.
Daşkənd Beynəlxalq İnvestisiya Forumu bütün Mərkəzi Asiya regionu üçün irimiqyaslı dialoq platforması olub beynəlxalq investisiya və işgüzar birliklərin Özbəkistanın investisiya potensialı ilə tanış olmasına imkan verir.
Forumun məqsədi Özbəkistanın dinamik şəkildə inkişaf edən bazarına inteqrasiyada maraqlı olan böyük xarici investisiya, maliyyə-iqtisadi təşkilatların və şirkətlərin rəhbərlərini cəlb etməkdən ibarətdir.
TIIF-2023-də Aİ ölkələri, ABŞ, Böyük Britaniya, MDB ölkələri, Türkiyə, Çin, Cənub-Şərqi Asiya ölkələri, Hindistan, Misir və Yaxın Şərq ölkələrindən olmaqla 2500-dən yuxarı şəxs iştirak edəcək. Müqayisə üçün bildirək ki, ötən il iştirak üçün 1,5 mindən çox nəfər müraciət etmişdi.
Bu il plenar sessiyaların, həmçinin 28 panel sessiyasının və “dəyirmi masaların”, bir sıra böyük investisiya sazişləri və ticarət müqavilələrinin imzalanma mərasimlərinin, işgüzar dünyanın aktual mövzuları, o cümlədən investisiya sektorunun inkişaf tendensiyaları, maliyyə institutlarının rəqəmsallaşması, müasir pul-kredit siyasəti üzrə diskussiyaların keçiriləcəyi gözlənilir. Bu tədbirlərdə 150 spiker iştirak edəcək.
Tədbir aprelin 28-dək davam edəcək.