Neft-Kimya Prosesləri İnstitutunda Heydər Əliyev adına təqaüd təsis edilib
Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri (NKPİ) İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Bu barədə NKPİ-dən məlumat verilib. Bildirilib ki, əvvəl qardaş ölkə Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutun baş direktoru akademik Vaqif Abbasov Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər planına əsasən, NKPİ-də fəlsəfə doktoru hazırlığı üzrə 35 yaşa qədər doktorant və dissertantların arasında Heydər Əliyev təqaüdünün təsis edilməsi haqqında məlumat verib. Qeyd edib ki, yüksək elmi, akademik göstəricilərə malik doktorant və ya dissertanta bir il ərzində hər ay 300 manat təqaüd veriləcək. İnstitutun doktorant və dissertantları elmi fəaliyyətləri haqqında arayışı 2023-cü il fevralın 9-dək təqdim etməlidirlər. Təqaüdə layiq görülənlər institutun Elmi şurasının fevralın 10-da keçiriləcək iclasında yaradılacaq komissiyada seçiləcək.