Həyat

IDEA-nın ianə qutularına toplanmış oyuncaqlar uşaqlara paylanılır

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Sevincini bölüş” xeyriyyə kampaniyası çərçivəsində ianə qutularına toplanan oyuncaqların xüsusi qayğıya ehtiyacı olan uşaqlara paylanılmasına başlanılıb.

Turanews.kz xəbər verir ki, toplanmış ilk oyuncaqlar 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsindəki balaca dostlara hədiyyə olunub.

Qeyd edilməlidir ki, ötən ilin sonunda start verilən sözügedən kampaniya ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır, ianə qutuları təbiətə və ehtiyacı olanlara biganə qalmayan çoxsaylı insanlar tərəfindən kütləvi surətdə oyuncaqlarla doldurulur.

İndiyə qədər IDEA İctimai Birliyinin “Sevincini bölüş” xeyriyyə kampaniyası çərçivəsində Bakının üç məkanında, o cümlədən “Gənclik Mall”, “28 Mall” və “Dəniz Mall” ticarət mərkəzlərində oyuncaq ianə qutuları yerləşdirilib.

Sözügedən qutulara insanlar özlərinin və ya övladlarının istifadə etmədikləri və paylaşmaq istədikləri oyuncaqları yerləşdirə bilər. İanə edilən oyuncaqların qutulara atmaqdan öncə təmizlənməsi, qutulara kənar əşyalar və ya tullantılar atılmaması xahiş edilir. Təkraristifadə qutularına toplanan oyuncaqlar mütəmadi olaraq müxtəlif xeyriyyə təşkilatları və paylanma məntəqələri vasitəsilə uşaqlara paylanması nəzərdə tutulur.

Məlum olduğu kimi, yüksək tələbata malik olan oyuncaqların da tullanması və çürüməsi ətraf mühitə zərərsiz ötüşmür. Bu həm tullanılan məhsulların çürüməsi zamanı təbiətə buraxılan zəhərli maddə və qazlar, həm də yeni məhsulların istehsalından irəli gələn zərər ilə bağlıdır.

Bu xüsusda, IDEA İctimai Birliyi şəhərimizin sakinlərini öz “sevincini bölüşməyə”, evlərində olan istifadəsiz, yararlı və saf qalan oyuncaqlarını tullamaq əvəzinə IDEA-nın ianə qutularına yerləşdirməklə ehtiyacı olan uşaqlara öz yardım əlini uzatmağa, eyni zamanda, həmin oyuncaqlara “ikinci həyat” verməklə təbiətə vurulan zərəri azaltmağa çağırır.

TuraNews

Back to top button