Heydər Əliyevin strateji düşüncə tərzi və uzaqgörənliyi müasir Azərbaycanın yaradılmasında və uğurlu inkişafında əsas amillər oldu – Sadır Japarov
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevə məktub göndərib.
Turanews.kz xəbər verir ki, məktubda deyilir:
“Azərbaycan xalqının Ümummilli Lideri, dünya miqyaslı görkəmli şəxsiyyət və türk dünyasının fəxri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.
Dahi Heydər Əliyevin strateji düşüncə tərzi və uzaqgörənliyi müasir Azərbaycanın yaradılmasında və uğurlu inkişafında əsas amillər oldu. Onun genişmiqyaslı sosial-iqtisadi islahatları, infrastruktur layihələri və çox fəal xarici siyasəti Azərbaycana ölkənin hüdudlarından uzaqlarda da şöhrət qazandırdı.
Biz Sizin şəxsinizdə Heydər Əliyevin Azərbaycanın tarixi qələbəyə nail olduğu, regionda sabitləşdirici siyasi rol oynadığı və beynəlxalq iqtisadi münasibətlərdə nüfuzlu mövqelərə sahib olduğu siyasətinin uğurlu davamını görürük. Qürur hissi ilə qeyd edirəm ki, Qırğızıstanda Azərbaycanın böyük Liderinin adına olan məktəbin bizim tərəfimizdən birgə açılışı əlamətdar hadisədir, qırğız və Azərbaycan xalqlarının qardaşlığının rəmzidir.
Bu fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram”.