Gənclərin Azərbaycan Hərb Tarix Muzeyinə və Heydər Əliyev adına Ali Hərbi İnstituta səfəri təşkil olunub
“Gəncliyə dəstək” İctimai Birliyinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra etdiyi “Zəfərə aparan vətənpərvərlik” layihəsi çərçivəsində 15 nəfər gəncin Azərbaycan Hərb Tarix Muzeyinə və Heydər Əliyev adına Ali Hərbi İnstituta səfəri təşkil edilib.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nəzdində yaradılmış Azərbaycan Hərb Tarix Muzeyinə ekskursiya edən gənclər Azərbaycanın hərb tarixi və hərbi texnikalarla tanış olublar.
Sonra gənclər Heydər Əliyev adına Ali Hərbi Məktəbə ekskursiya edərək, oradakı təhsil sistemi ilə yaxından tanış olublar. Eyni zamanda, gənclərə tədris-təlim prosesində istifadə edilən maddi texniki baza nümayiş edilib.
İnstitutun rektorunun birinci müavini, Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanov gənclərə hədiyyələr təqdim edib.
Daha sonra gənclər Heydər Əliyev adına Ali Hərbi İnstitutda şəhid Ruslan Cəfərovun xatirəsinə həsr olunmuş tədbirdə iştirak ediblər.
Qeyd edək ki, “Zəfərə aparan vətənpərvərlik” layihənin məqsədi Qələbənin təbliği, gənclər arasında vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, gənclərə Zəfərə aparan vətənpərvərliyi çatdırmaqdır.