Yer kürəsində əhalinin sayı 8 milyard nəfərə çatıb. Bu barədə Birləşmiş Millətlər Təşkilatı BMT-nin mətbuat xidməti dünya təşkilatının hesablamalarına istinadla məlumat yayıb.
BMT-nin məlumatına görə, dünya əhalisinin 1 milyard nəfər artması üçün 12 il lazım olub, proqnozlara görə, 2037-ci ilə qədər əhalinin sayı 9 milyarda çatacaq.
Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) öz növbəsində, qeyd edib ki, dünya əhalisinin 2080-ci illərdə 10,4 milyarda qədər artmaqda davam edəcəyinə baxmayaraq, ümumi artım tempi azalır. UNFPA-nın məlumatına əsasən, dünya əhalisinin üçdə ikisi məhsuldarlığı aşağı olan ərazilərdə yaşayır və əhali artımı əsasən yoxsul ölkələrin, xüsusən də Sahara səhrasının cənubunda yerləşən Afrika dövlətlərinin payına düşür.
Fond hesab edir ki, əhali artımı ilə əlaqədar beynəlxalq ictimaiyyət dünyanın üzləşdiyi problemləri azaltmaq və davamlı inkişaf məqsədlərinə nail olmaq üçün effektiv həll yolları axtarmalıdır. Belə addımların reallaşdırılması üçün “dünyanı daha təhlükəsiz, dayanıqlı və inklüziv etmək” məqsədilə əhaliyə dəstək proqramlarına investisiyaların artırılması vacibdir.