Bakıda bədii gimnastika üzrə AGF Trophy beynəlxalq turnirinin final günü başlayıb
Aprelin 16-da Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 3-cü AGF Trophy beynəlxalq turnirinin final yarışlarına start verilib.
Turanews.kz xəbər verir ki, bu gün yeniyetmələr və böyüklər arasında halqa, top, gürz və lentlə hərəkətlər üzrə fərdi proqramda final mərhələsi keçiriləcək.
Gənclər arasında gimnastımız Nurai Əhmədzadə halqa və lentlə hərəkətlər ürzrə finalda, Şəms Ağahüseynova və Sofiya Məmmədova topla, Nəzrin Abdullayeva gürzlə hərəkətlər üzrə finalda çıxış edəcəklər.
Böyüklər arasında Zöhrə Ağamirova dörd finalın hamısında, Alina Gözəlova lent, halqa və topla, Leyli Ağazadə isə gürzlərlə hərəkətlər üzrə finalda mükafatlar uğrunda mübarizə aparacaqlar.
Həmçinin 5 ip və 5 topla proqramlar üzrə qrup hərəkətləri üzrə gənclər yaş qrupu üzrə komandalar arasında final yarışları keçiriləcək. 5 iplə finalda ölkəmizi Gövhər İbrahimova, İlahə Bahadırova, Zəhra Cəfərova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, Ayan Sadıqovadan ibarət qrup komandası təmsil edəcək.
Finalda Azərbaycanı 5 topla iki komanda – yuxarıda adı çəkilən komanda, həmçinin Salma İsmayılova, Sofiya Məmmədova, Gülnar Rəsulzadə, Nikxal Əhmədsoy və Leyla Əliyevadan ibarət komanda təmsil edəcək.
Böyüklər kateqoriyasında qrup komandaları arasında final 5 halqa, həmçinin 3 lent və 2 top ilə hərəkətlərdə keçiriləcək. Azərbaycanı iki finalda Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Qummətova, Elizaveta Luzan və Daria Sorokinadan ibarət komanda təmsil edəcək.
Qeyd edək ki, bədii gimnastika üzrə 3-cü AGF Trophy beynəlxalq turnirin yarışları 14-16 aprel tarixlərində keçirilir. Yarışlarda dünyanın 14 ölkəsindən 119 gimnast iştirak edəcək. Gənc bədii gimnastlarla yanaşı, böyükyaşlı bədii gimnastlar da çıxış edirlər.
Azərbaycanda gənclər arasında AGF Junior Trophy Beynəlxalq turniri ilk dəfə 2018-ci ildə, daha sonra isə 2019-cu ildə keçirilib.