Azərbaycan vətəndaşları Türkiyədə zəlzələdən zərərçəkənlər üçün yardım toplamağa davam edir
Azərbaycan vətəndaşları Türkiyədə baş vermiş dəhşətli zəlzələdən zərərçəkmiş insanlar üçün yardım toplamağa davam edirlər.
AZƏRTAC xəbər verir ki, qardaş türk xalqına kömək göstərilməsi üçün ölkəmizdə yardımlar əsasən iki məkanda toplanılır.
Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan yardım kampaniyası Tbilisi prospektindəki Heydər Əliyev adına İdman Kompleksində, Heydər Əliyev Fondu tərəfindən təşkil edilən yardım kampaniyası isə “Dəniz Mall”ın yanında yerləşən Əl Oyunları Sarayında keçirilir.
Toplanan yardımlar könüllülər tərəfindən çeşidləndikdən sonra TIR-lara yüklənir və qardaş ölkəyə yola salınır.
Zəlzələdən zərərçəkənlər əsasən qış paltarları, o cümlədən gödəkcə, şalvar, əlcək və qalın yun corablara ehtiyac duyurlar. Bundan başqa, çətin vəziyyətdə olan insanlara daha çox çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik ləvazimatları lazımdır.
Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfirliyi və Naxçıvandakı Baş konsulluğu yardım üçün Azərbaycan vətəndaşlarına müraciət edib. Müraciətdə bildirilib ki, zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar lazımdır. Əşyalar şəxsən və ya karqo yolu ilə Naxçıvandakı Baş konsulluğa çatdırıla bilər (Ünvan: Naxçıvan şəhəri Heydər Əliyev prospekti 17).
Qeyd edək ki, fevralın 6-da Türkiyədə dəhşətli zəlzələ olub. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində 8574 nəfər ölüb, 49 mindən çox insan yaralanıb, 6 min 444 bina dağılıb.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin dünyada bənzəri olmayan zəlzələ ilə üz-üzə qaldığını vurğulayıb və vətəndaşları AFAD hesablarına ianə etməyə çağırıb.
Xatırladaq ki, zəlzələnin ilk günü – fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb.