Azərbaycan və Ermənistan arasında davamlı sülhün yeganə yolu dialoq yoludur.
Turanews.kz xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-da görüşündən sonra açıqlamasında deyib.
“Düşünürəm ki, danışıqların tempi və həmkarlarımızın qoyduğu təməl onu göstərir ki, razılığa gəlmək həqiqətən əlçatan səviyyəsindədir. İstənilən marafonda son mil həmişə ən çətin olur. Lakin ABŞ hər iki dostumuza finişə çatmaqda kömək etmək üçün buradadır”, – deyə o bildirib.
Xatırladaq ki, mayın 1-də ABŞ-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş keçirilib. Bundan sonra Corc Şultz adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində iki ölkənin xarici işlər nazirlərinin ikitərəfli görüşü keçirilib. Danışıqlar mayın 2-də və 3-də ikitərəfli formatda davam etdirilib.