Finlandiya aprelin 4-də NATO-ya üzv olacaq
Finlandiya aprelin 4-də NATO ölkələri xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək iclasında rəsmən alyansın 31-ci üzvü olacaq.
Turanews.kz xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Şimali Atlantika Bloku ölkələrinin xarici işlər nazirlərinin 4-5 aprel tarixlərində keçiriləcək iclası ərəfəsində Brüsseldə mətbuat konfransında deyib.
“Bu, tarixi həftədir. Sabah Finlandiyanı NATO-nun 31-ci üzvü kimi salamlayacağıq. Finlandiya təhlükəsiz, alyansımız isə güclü olacaq. Sabahdan etibarən Finlandiya NATO-nun tamhüquqlu üzvünə çevriləcək”, – deyə Yens Stoltenberq vurğulayıb.
Finlandiya Prezidenti ofisi də öz növbəsində ölkənin aprelin 4-də alyansa üzv olacağı barədə yayılan məlumatı təsdiqləyib. Ofisdən bildirilib ki, Finlandiya Prezidenti Sauli Niinistyö alyansa yeni üzvün qəbul olunması ilə əlaqədar NATO-nun mənzil-qərargahında keçiriləcək rəsmi tədbirdə iştirak etmək üçün Brüsselə gedəcək.